Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılır - FƏRMAN

Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.

XƏBƏR24.info xəbər verir ki, Fərmana əsasən, yeni struktur Dövlət Ehtiyatları Agentliyi Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında yaradılır və Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyin sərəncamına verilir.

Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görəcək.

Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabineti Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı, həmçinin normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

O cümlədən, Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməlidir.