İnternat məktəblərində çatışmazlıqlar aşkarlanıb

İnternat məktəblərində çatışmazlıqlar aşkarlanıb

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması məqsədilə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan 5 və 9 nömrəli xüsusi, 10 nömrəli sanator tipli internat məktəblərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında keçirilən başçəkmələr zamanı internat məktəblərinin ərazisinə, o cümlədən yataqxanalara, sinif otaqlarına baxış keçirilib.

Başçəkmə çərçivəsində uşaqların müdafiə, sağlamlıq, inkişaf hüquqlarının təmini məsələləri öyrənilib, o cümlədən qidalanma səviyyəsi, tibbi yardım və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisədə çalışan şəxslərlə və uşaqlarla fərdi şəkildə söhbət aparılıb.

Başçəkmələr zamanı aşkar olunmuş çatışmazlıqlarla bağlı müəssisə rəhbərlərinə görülməli tədbirlər haqqında tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici müzakirələr aparılıb.

Başçəkmələrin sonunda müəssisələrə Ombudsmanın Çağrı Mərkəzi ilə bağlı məlumatların əks olunduğu plakatlar təqdim olunub.

 
Loading...