Britaniya Əfqanıstanda NATO-nun hərbi mövcudluğunu saxlamağa çalışıb

Britaniya Əfqanıstanda NATO-nun hərbi mövcudluğunu saxlamağa çalışıb

ABŞ Əfqanıstandan çıxdığını elan etdikdən sonra Böyük Britaniya bu ölkədə hərbi mövcudluğunu qorumaq üçün NATO koalisiyası yaratmağa çalışıb.

APA xəbər verir ki, bunu “Daily Mail” qəzetinə açıqlamasında Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. “Mən bunu NATO ölkələri ilə müzakirə etməyə çalışdım, amma maraqlanmadılar... Kifayət qədər tez bir zamanda aydın oldu ki, əlaqələndirici ölkə kimi ABŞ olmadan bu variantlar istisnadır”, - deyə qəzet Uollesdən sitat gətirib.

Müdafiə nazirinin sözlərinə görə, Böyük Britaniyanın birtərəfli hərbi mövcudluğunun saxlanılması versiyası da nəzərdən keçirilib, ancaq bunun üçün dünyanın digər bölgələrində fəallığı azaltmaq lazım gələcək.

Ben Uolles, həmçinin ABŞ-ın 2020-ci ildə “Taliban”la imzaladığı və əcnəbi qoşunların 14 ay ərzində Əfqanıstandan çıxarılmasını, eləcə də əsirlərin mübadiləsindən sonra əfqanlararası dialoqun başladılmasını nəzərdə tutan sülh müqaviləsini də qınayıb.

“Müqavilə çürük olub, onda çatışmazlıqlar var idi... Biz, yəqin ki, 10 və ya 20 ildən sonra Əfqanıstana qayıdacağıq”, - deyə nazir qeyd edib.