SİYASƏT
Ceyhun Bayramov Belçikanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
9 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.
XİN-dən Report'a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. Eyni zamanda, o, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən bəhs edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfir Mişel Pitermans öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir, iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Belçika arasında iqtisadi, ticarət, kommersiya və təhsil sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub və qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, habelə, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.