Spikerin Tehran səfərindəki bayraq olayına iki fərqli baxış

Spikerin Tehran səfərindəki bayraq olayına iki fərqli baxış

 Elçin Mirzəbəyli: “Protokol qaydaları müasir dövrdə müəyyən qədər köhnə dəbli sayıla bilər”

Elxan Şükürlü: “Onlar maraqlı deyillər ki, Azərbaycanın Rusiya və İranla münasibətləri yaxşılaşsın”

“Əslində müzakirəyə səbəb olan Milli Məclisin sədri Sahibə Qafarovanın İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının olmamasından daha çox, İranın ölkəmizlə bağlı, həmçinin Ermənistana münasibətdə sərgilədiyi mövqedir.

Azərbaycanın ictimai rəyində İran o qədər nüfuzdan düşüb ki, hətta rəsmi Tehran vaxtaşırı ölkəmizə münasibətdə qıcıqlandırıcı davranışlara yol verməsə belə, yenə də hansısa səbəbdən xoş olmayan müzakirələrin mövzusu olacaq”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu fikirləri Milli Məclisin Sədri Sahibə Qafarovanın Tehrana səfəri, keçirdiyi görüşlər ətrafında aparılan müzakirələr haqında Musavat.com-a açqlamasında bildirib.

Siyasi təhlilçinin sözlərinə görə, İrandan Azərbaycana sağlam düşüncəli hər kəsdə ikrah doğuran saxta “ideologiya” ixrac edənlər bu barədə düşünsələr daha yaxşı olar: “İranın dini-siyasi rejimi Azərbaycanın ictimai rəyindəki arzuolunmayan mövqeyini “alın təriylə” qazanıb və bunu sonunadək haqq edib”.

Qeyd edək ki, xanım sədrin İran prezidenti ilə görüşündə Azərbaycan bayrağının qoyulmamasını bəzi ekspertlər İrandakı mövcud protokolla əsaslandırırlar.


E. Mirzəbəyli isə bildirib ki, bütün dövlətlərin protokol qaydaları və diplomatik etiketləri mahiyyət etibarilə bir-birinə bənzəyir: “Əgər görüş iştirakçılarının statusu nəzərə alınmaqla, arxa fonda eyni ölçü və hündürlükdə Azərbaycan bayrağı yerləşdirilmirsə, o zaman masa üzərində hər iki ölkənin bayrağı yer almalıydı. Bu, diplomatik norma ilə yanaşı, həm də bir mədəniyyət nümunəsidir. Fransız diplomatı Jül Kambonun diplomatlar arasında məşhur olan bir deyimi var: “Protokol qaydaları müasir dövrdə müəyyən qədər köhnə dəbli sayıla bilər. Amma onlara əməl etməmək kilsəyə girərkən papağı, yaxud məscidə daxil olarkən ayaqqabını çıxarmamaq qədər axmaqlıqdır”.

Hesab edirəm ki, Jül Kambonun bu deyimini, xüsusilə də onun “məscidə daxil olarkən ayaqqabını çıxarmamaq” hissəsini rəsmi Tehranın artıq ənənəvi xarakter alan diplomatik “yanlışlıqlarına” aid etmək olar”.

Ədalət Partiyası sədrinin müavini, politoloq Elxan Şükürlü isə fərqli fikirdədir: “Azərbaycanda müəyyən təbəqə insanlar var ki, onlar İranla münasibətlərimizdə həmişə mütləq bir problem axtarılmasında və yaradılmasında maraqlıdırlar. Bunların bir hissəsi İranın bütövlükdə Yaxın Şərqdə din pərdəsi adı altında yürütdüyü imperialist siyasətə qarşı çıxış edən səmimi vətənpərvərlərdirsə, əsas hissəsi də Qərbə və İsrailə bağlı siyasi çevrələr, təşkilatlar, adamlardır. SSRİ dağılan ərəfədə Qərbdə çox böyük qorxu var idi ki, İran dini faktordan istifadə edərək  Azərbaycanda möhkəmlənə bilər. Bu səbəbdən Azərbaycanda idarəetməsi Qərb və İsrail xüsusi xidmətlərinə bağlı millətçi kəsimdən istifadə edərək, ölkəmizdə İrana qarşı böyük bir cəbhə açıldı.

Halbuki əhalisinin əksəriyyəti İslamın şiə məzhəbinə mənsub Azərbaycan, İranla daha yaxşı münasibətlər qura və bu münasibətlərin hesabına həm Qarabağ məsələsində, həm də iqtisadi sahədə çox mühüm uğurlara imza ata bilərdi. Ancaq SSRİ-ni dağıtma mexanizmi Qərbin əlində olduğundan sovetlərin dağılmasından sonrakı prosesləri də Qərb idarə etdi və nəticədə, Azərbaycan həm Rusiyaya, həm də İrana qarşı qoyuldu, bizi iki ən böyük qonşumuzla düşmənə çevirdilər. Sərvətlərimiz talanıb Qərbə daşınsa da, bunun qarşılığında Qərb bizə nə Qarabağ məsələsində arzuladığımız dəstəyi verdi, nə də demokratik cəmiyyət quruculuğunda real olaraq kömək göstərdi. İtirənsə xalqımız, dövlətimiz oldu…”

Politoloq E.Şükürlü də təsdiqləyir ki, 44 günlük Qarabağ döyüşündən sonra bölgədə yeni situasiya yaranıb: “Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəklədiyi “Altılıq” formatı uğurla həyata keçirilərsə, bundan ən çox udan elə bölgə dövlətləri, o cümlədən də Rusiya, İran, Türkiyə və Azərbaycan olacaq. Gürcüstan və Ermənistanda möhkəmlənmək istəyən Qərb, xüsusən də ABŞ və Avropa Birliyi Qarabağ zəfəriylə faktiki olaraq, qapı arxasında qoyulub. Onlar maraqlı deyillər ki, Azərbaycanın Rusiya və İranla münasibətləri yaxşılaşsın. Bu səbəbdən 10 noyabr sazişi imzalanandan üzü bəri hər vasitə ilə çalışırlar ki, Azərbaycanın Rusiya və İranla münasibətlərini gərginləşdirsinlər. Hazırda Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarovanın səfəri, bundan əvvəlsə Şeyx Allahşükür Paşazadənin açıqlaması ətrafında yaradılmış süni ajiotaj da buna xidmət edir”.

 Politoloqun fikrincə, ABŞ və İsrailə bağlı qüvvələr istəmirlər ki, Azərbaycan İranla yaxınlaşsın və cəmiyyəti qəsdən həssas məsələlər üzərindən İrana qarşı qaldırmaq istəyirlər: “Halbuki Qarabağ məsələsi ətrafında qurulmuş Azərbaycan, İran, Türkiyə və Rusiya əməkdaşlığını qoruyub saxlamaq və inkişaf etdirmək indi hamıdan çox bizə gərəkdir. Qərbin Ermənistandakı maşası funksiyasını yerinə yetirən Paşinyan hökuməti çox çalışır ki, Azərbaycanın həm Rusiya, həm də İranla münasibətlərini pozsun. Biz nəyin bahasına olursa-olsun, buna imkan verməməliyik. Ona şərait yaratmamalıyıq ki, Ermənistan yenidən Rusiya və İranın əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilsin.

Əksinə, çalışmalıyıq ki, nə qədər Qərb Paşinyana dəstək verir, biz də Rusiya və İranı öz tərəfimizə çəkməklə Ermənistan üzərindəki əzici üstünlüyümüzü qoruyub saxlayaq. Ona da xüsusi diqqət yetirməliyik ki, əvvəllər Türkiyədə daha çox Qərb siyasətini həyata keçirən hakimiyyətlərdən fərqli olaraq, indi islamçı AKP hökuməti, prezident Ərdoğan da İranla bağlı müstəqil siyasət yürüdür və bu da Azərbaycanın həm Türkiyə, həm də İranla daha sıx əməkdaşlığına böyük imkanlar açır. Şəxsən mən onun tərəfdarıyam ki, bölgədə Azərbaycan, Türkiyə və İran arasında çox yaxşı bir əməkdaşlıq mühiti olsun. Çünki bu əməkdaşlıqdan udan xalqlarımız, dövlətlərimiz olacaq. Bu üç müsəlman ölkəsini qarşı-qarşıya gətirmək istəyənlər İslamın və müsəlmanların düşmənləridir”.