Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Report'un məlumatına görə, C.Bayramov Arkan Şihab Al-Şeybanini salamlayaraq Azərbaycan və İraq arasındakı əlaqələrin tarixi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

O, Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edərək, Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz arasında səmərəli əməkdaşlıq və əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb.

C.Bayramov cari ilin iyun 18 tarixində iştirak etdiyi Antalya Diplomatik Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə keçirilmiş səmərəli görüşləri yüksək qiymətləndirib və görüşdə iki ölkə arasında bir çox sahələrdə əlaqələrin inkişafı barədə hərtərəfli müzakirələrin aparıldığını məmnunluqla qeyd edib.

Nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İraqın hər zaman ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 44 günlük Vətən müharibəsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, dini və mədəni abidələrin dağıdılması, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mina təhlükəsi və ailələrin öz doğma yurdlarına geri dönməsinin vacibliyi barədə ətraflı məlumat verib.

Birgə Komissiyanın ikinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraqın rabitə naziri Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edib və səfər çərçivəsində qonaqpərvərliyə və görüşlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirib.

O, İraq və Azərbaycanı birləşdirən tarixi dostluq və mədəni əlaqələrini vurğulayaraq, keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaları və bu xüsusda, imzalanacaq sazişləri məmnunluqla qeyd edib.

Arkan Al-Şeybani Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində uğurlu fəaliyyətini və COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü yüksək qiymətləndirib. Həmçinin o, iki ölkə arasında çoxtərəfli platformalarda münasibətlərin daha da genişləcəyinə və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Nazir keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq İraqın hər zaman beynəlxalq hüququn norma və prinsiplərini və BMT qətnamələrini dəstəklədiyini bildirib.

Görüşdə habelə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.