"Türkiyəyə göndərilən yanğınsöndürən heyətin əsgərlər olması barədə məlumatlar əsassızdır" - RƏY
"Təəssüflə qeyd etmək lazımdır ki, Türkiyədə baş verən yanğınları söndürmək üçün ölkəmizdən ora göndərilən heyətin guya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, əsgərlər olması barədə sosial şəbəkələrdə məqsədli şəkildə məlumatlar yayılır.
Bunu Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, belə bir ağır gündə hamı həmrəy olmalı və vahid mövqe nümayiş etdirməli, qardaş Türkiyə xalqının yanında olmalıdır: "Həmin insanlar bu həqiqəti dərk etmir və iki dost və qardaş ölkə xalqları arasında nifaq salmağa çalışırlar".
Deputat qeyd edib ki, Türkiyəyə göndərilənlər hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin peşəkar mütəxəssisləridir: "Onlar on illərdir bu sahədə peşəkar fəaliyyətlərini uğurla davam etdirirlər. Onların hər biri ildə bir neçə dəfə həm ölkəmizdə, həm də xaricdə müxtəlif təlimlərdə və kurslarda iştirak ediblər. Həmçinin onlar ölkəmizdə də dəfələrlə müxtəlif yerlərdə yanğınla mübarizə tədbirlərində fəal iştirak ediblər. Həm binaların, həm də meşə yanğınlarının qarşısını yüksək səviyyədə alıblar. Bu xidmətin də digər sahələrdə olduğu kimi, özünün zabitləri, gizirləri, müddətdən artıq xidmət edənləri var. Qardaş ölkəyə də onların ən peşəkarları seçilərək göndərilib. Onlar bu gün orada öz vəzifələrini şərəflə və ləyaqətlə yerinə yetirirlər.
Türkiyə rəsmiləri, o cümlədən Türkiyə Prezidenti, xarici işlər naziri dəfələrlə Azərbaycana Türkiyəyə göstərdiyi qardaş yardımına görə təşəkkürlərini bildiriblər. Türkiyədə baş verən yanğınlarda azərbaycanlı yanğınsöndürənlərin rolunu və əməyini çox yüksək qiymətləndiriblər.
Heç şübhəsiz ki, bu dəstək və yardım iki ölkənin dostluğunu və qardaşlığını daha da möhkəmləndirəcək. Bu qaragüruhçu qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı uzun illərin sınağından keçib, dönməz və sarsılmazdır".