ARDNF AÇG-dən gəlirlərini 16%-dən çox artırıb

ARDNF AÇG-dən gəlirlərini 16%-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 903,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Report"a Fonddan məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 418,2 milyon ABŞ dolları və yaxud 16,8 % çoxdur.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 152 308 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin 6 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 2 206 milyon ABŞ dolları təşkil edib.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.