Şuşaya çəkiləcək dəmir yolunun əhəmiyyəti - iqtisadçıların baxışı

Şuşaya çəkiləcək dəmir yolunun əhəmiyyəti - iqtisadçıların baxışı

Vahid Əhmədov: “Bu layihənin rentabelli olması indiki durumda bizim üçün önəmli deyil.
Ancaq əhalinin köçüb orada rahat yaşaması, turist axınının təmin edilməsi üçün bu əhəmiyyətlidir”

Şuşaya dəmir yolu çəkiləcək. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.  Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir.  “Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

Qeyd edək ki, hələ bu ilin yanvar ayında dövlət başçısı bu layihənin anonsunu vermişdi. Dəmir yolları ilə bağlı hazırlıq işləri getdiyini diqqətə çatdıran Prezident vurğulamışdı ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur: “ Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər halda, indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”.

Qeyd edək ki,  ekspertlər bu layihəyə gərək olmadığını deyirlər. Dağlıq ərazi olduğu və Şuşa dəniz səviyyəsindən 1400 metr hündürdə yerləşdiyi üçün bu layihənin baha başa gələcəyini bildirirlər. Həmçinin Şuşanın əhalisinin az olduğu da arqument kimi gətirilir. Ancaq Şuşanın ölkənin mədəniyyət mərkəzi olduğunu və gələcəkdə turizm baxımından perspektivlərinin böyük olduğunu nəzərə alsaq, onu Davosla müqayisə edə bilərik. Davos da təxminən Şuşa qədər hündürlükdə yerləşir və şəhərin cəmi 2 küçəsi var. Ora həm də  turistik baxımdan çox diqqət mərkəzində olan, turist axını olan bir yerdir, həmçinin hər il Davosda Dünya İqtisadi Forumunun iclasları keçirilir. Şuşaya dəmir yolu çəkildikdən sonra Azərbaycan da bu qala şəhərin turistik təbliğatını aparmaq üçün müəyyən tədbirlər həyata keçirə bilər.

Elə iqtisadçı ekspert İlham Şaban da hesab edir ki, burada layihənin kommersiya dəyəri yox, Şuşaya daha rahat gediş-gəlişi təmin edib oranı həqiqi bir mədəni mərkəzə çevirmək önəmlidir: “Şuşa Azərbaycanın mədəni paytaxtı olduğu üçün hökumət hesab edir ki, oraya gediş-gəliş artacaq və beynəlxalq tədbirlər keçiriləcək, müxtəlif ölkələrin nümayəndə heyətləri Şuşaya səfər edəcək deyə yol infrastrukturu də müvafiq tələblərə cavab verməlidir. Dəmir yolu olmasa Şuşaya səfər etməli olan  VİP nümayəndə heyəti təyyarə ilə gəlib Füzuli aeroportunda düşəcək və oradan onları avtobuslarla Şuşaya aparacaqlar. Digər tərəfdən, tədbirlər, musiqi proqramları zamanı yüzlərlə insanın oraya getməsi üçün onlarla avtobus yola çıxmalıdır. Ancaq qatarla 5-6 saata Şuşaya rahat səfər etmək mümkün olacaq. Qatarın özünün fərqli ab-havası da var.

İlham Şaban

Əlbəttə, bu gün layihənin xərcinin nə qədər olacağını və kommersiya baxımından özünü doğruldub doğrultmayacağını demək çətindir. Ancaq bir çox ölkələrdə, xüsusən də Çində bir çox layihələr var ki, onlar kommersiya maraqları ilə salınmayıb, rentabelli deyil, ancaq hamısı paytaxtla ölkənin mədəni şəhərləri arasında əlaqələrə xidmət edir. Bunlar gələcəyə hesablanmış layihələrdir, yeni insan məskənlərinin salınmasına xidmət edir. Bu baxımdan biz hər şeyi kommersiya baxımından hesablamamalıyıq. Ona qalsa Azərbaycanın yarısı Bakı və Abşeron yarımadasındadır, digər bölgələrdə gərək böyük layihələr həyata keçirilməsin. Biz orada infrastruktur yaratmalıyıq ki, şərait olmalıdır ki, insanlar oraya köçsün. Kəlbəcərdə elə bir şərait yaradılmalıdır ki, o, Şahdağa, Qəbələyə alternativ olsun və daha sonra bir turizm mərkəzinə çevrilsin".

İ.Şaban vurğuladı ki, Qarabağa maraq və diqqət cəlb etmək üçün paytaxtda necə ki, hərbi qənimətlər parkı yaradıldı, elə bir layihə də  o bölgənin 3 D relyefinin yaradılması üçün hazırlansın: “Turist və ya elə öz əhalimiz öncə burada Qarabağın kiçik modeli ilə tanış olur və daha sonra onda həmin bölgəyə getmək həvəsi yaranır. İsveçdə belə layihələr var. 1 kvadratkilometrlik bir ərazidə İsveçin 3 D xəritəsini yaradırlar və oranı gəzən insan bölgə haqqında, orada yerləşən hər şeylə bağlı məlumat almış olur. Daha sonra turist deyir ki, mən həmin ərazini gözümlə görmək istəyirəm”.

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Şuşaya dəmir yolunun çəkilməsi vacibdir: «Kommunikasiya xətləri nə qədər çox olarsa, bu o qədər yaxşıdır. Şuşa bizim üçün çox əhəmiyyətlidir, orada turizmin inkişaf etdirilməsi məqsədi də var. Bu mənada Şuşaya gediş-gəlişdə həm avtomobil, həm dəmir yolundan istifadə etmək mümkün olmalıdır. Bunun rentabelli olması indiki durumda bizim üçün önəmli deyil. Ancaq əhalinin köçüb orada rahat yaşaması, turist axınının təmin edilməsi üçün bu əhəmiyyətlidir. Şuşa elə bir yerdir ki, bu dəqiqə dünyanın gözü oradadır. Dövlət başçısı da öz mövqeyini bildirib, sözünü deyib. Yenidənqurma işləri davam edəcək, köhnəlik qorunub saxlanmaqla Şuşada yeni bir Şuşa yaradılacaq. Çox böyük işlər gedir. Dəmir yolunun çəkilməsi də müsbət bir haldır. Bu layihənin rentabelli olacağını düşünürəm. Çünki Şuşaya qədər olan yolda da dayanacaqlar olacaq, o istiqamətlərdə də gedib-gələnlər olacaq. Bu mənada problem olmayacaq. Şuşaya , Zəngilana, Qubadlıya, Cəbrayıla, Kəlbəcərə nə qədər yollar olarsa, avtomobil yolu, hava nəqliyyatı və ya dəmir yolu olarsa, bu bizim üçün bir o qədər əhəmiyyət kəsb edəcək".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Loading...