Şimali Karolina Universitetinin alimi: “Ərdoğanı Şuşada qəbul etmək asan deyildi”

Şimali Karolina Universitetinin alimi: “Ərdoğanı Şuşada qəbul etmək asan deyildi”

Şimali Karolina Universitetinin Konfliktologiya fakültəsinin direktoru, Amerika-Azərbaycan Alimlər Birliyinin prezidenti Əli Əsgərov İkinci Qarabağ müharibəsindən 7 ay sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini tarixi hadisə adlandırıb.

Xeber24.info Publika.az-a istinadla professorla müsahibəni təqdim edir:

- Əli bəy, Prezident İlham Əliyev Ərdoğanı niyə Bakıda yox, Şuşada qarşıladı?

- Görüşün Şuşada keçirilməsinin həm siyasi, həm emosional, humanitar, həm də psixoloji məqamları var. Bakı İlham Əliyevin bir çox dövlət başçılarını və nümayəndələrini qarşıladığı, qarşılaya bildiyi bir şəhərdir. Şuşa isə işğaldan yeni azad olunub. Onun başqa bir dövlət başçısını Şuşada qəbul etməsi, müqavilə imzalaması və bəyanatla çıxış etməsi o qədər də real görünmür. Ərdoğan bir istisnadır. İlham Əliyev bu addımı ilə bütün dünyaya göstərdi ki, Şuşa Azərbaycanın bölünməz, ayrılmaz bir parçasıdır. Bu, İlham Əliyevin çox ciddi siyasi uğurudur, mahiyyəti dərindir. İmzalanan sənədlərdə mühüm müddəalar öz əksini tapıb. Ən başlıcası odur ki, qardaş Türkiyənin Azərbaycana hər zaman dəstək olacağı və birliyin sarsılmaz olduğu bildirildi. Ermənistana mesaj verildi ki, gözünü çək! Bu, həm Ermənistan, həm də onun havadarlarına verilən mesajdır.

Ərdoğanı Şuşada qəbul etmək düşünüldüyü kimi asan deyil, müharibə yeni qurtarıb, təhlükəsizlik problemləri var, ərazidə istiqrar bərqərar olunmayıb, müəyyən zəmində hələ də hərbi toqquşmalar var. Buna baxmayaraq, belə addımların atılması Azərbaycan dövləti və xalqı üçün olduqca vacib idi. Böyük bir ehtimalla Rusiya da bu görüşdən özü üçün nəticə çıxardı. Nə olursa-olsun Türkiyənin Azərbaycana kömək edəcəyini və ərazi bütövlüyünün qorunub saxlanmasında lazım olan bütün hərbi-siyasi dəstəyi verəcəyini gördü.

Hər bir müqavilə hüquqi qüvvə ehtiva edir. Bir ölkədə hakimiyyət dəyişsə də, gələcək hakimiyyətlər Türkiyə Cümhuriyyətinin Azərbaycana verdiyi hüquqi sözə əməl edəcək. Bu, Türkiyə və Azərbaycan münasibətlərində yeni başlanğıcıdır. Yeni başlanğıcın təməlləri də Şuşa şəhərində qoyuldu. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Belə bir şəhərdə görüşün baş tutması və bəyannamənin imzalanmasının Azərbaycan və Türkiyə tarixində müstəsna yeri var. İstənilən halda Türkiyənin ağırlığı artacaq, o, öz qətiyyətini göstərdi və göstərməyə davam edir. Türkiyə regionun güclü dövlətlərindən biridir. Azərbaycan və Türkiyə xalqını bu münasibətlə təbrik edirəm!

Türkiyə dövlət başçısının Şuşa səfəri hansı hadisələrlə yadda qaldı?

- Sözsüz ki, Şuşa Bəyannaməsinin imzalanması ilə. Bu müqavilə məsələyə vurulan bir möhürdür. Oğuz bəylərinin Qarabağ torpağında görüşü əlamətdar hadisədir, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq.

 

Sizcə, bu, Ermənistanda seçkiöncəsi psixoloji gərginliyə səbəb olacaqmı?

- Əlbəttə. Onsuz da Ermənistanda seçkiöncəsi vəziyyət yaxşı deyil. Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi bu gərginliyin “duzu-istiotu” oldu. Bu vəziyyəti manipulyasiya etməyə çalışan qüvvələr olacaq. Bəziləri hətta sevindi ki, Paşinyana qarşı istifadə etmək üçün əllərinə belə bir fürsət keçdi. İstənilən halda Ermənistan xalqının çox ciddi psixoloji sarsıntı keçirdiyini təsəvvür etmək çətin deyil.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşü müsəlman dünyasında hansı reaksiyanı doğurdu?

- Çox təəssüflə qeyd etməliyəm ki, müsəlman ölkələri arasında birlik və bərabərlik yoxdur. Dağınıqlıq və problemlər var. Əksər müsəlman ölkələri korrupsiya və daxili problemlərlə boğuşur.

Təbii ki, Türkiyə birbaşa bu işin içindədir. İran və Pakistandan başqa, digər müsəlman ölkələrində ciddi reaksiya doğuracağını zənn etmirəm. Əslində, reaksiya demək doğru olmaz. İki tərəf arasında sənəd imzalanıbsa, üçüncü bir ölkənin açıq reaksiya verməsinə ehtiyac yoxdur. Azərbaycanın Türkiyə ilə ittifaqı təbiidir. Bu cür bəyannamələrin varlığı isə beynəlxalq əlaqələrdə çox vacibdir. Odur ki, hadisələrin təzahürü Fransa kimi dövlətləri narahat etməyə bilməz. Heç kimə sirr deyil ki, Azərbaycanın qüvvətlənməsini və Türkiyə kimi güclü bir ölkə ilə müttəfiq olmasını istəməyən dairələr var. Yaxın keçmişdən bəri Fransa Ermənistanın havadarı rolunu oynayır. Fransanın əvvəllər də Ermənistana dəstəyi böyük idi, lakin bu dəstəyi indi daha açıq şəkildə göstərirlər.

Bir neçə gün əvvəl Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi. Bu uğur müsbət qarşılansa da, cəmiyyətimiz haqlı olaraq xəritələrin nə dərəcədə doğru olub-olmamasından narahatdır. Ermənistan hiyləgərliyə əl ata bilərmi?

- Mina xəritələrinin verilməsi işğaldan azad olunmuş torpaqların bərpasına və yenidənqurma prosesinin sürətlənməsinə təkan verəcək. Azərbaycan tərəfi erməniləri bu cür addım atmağa vadar edə bildi. Sözsüz ki, sevindirici haldır. Lakin bu narahatlığı keçirməkdə cəmiyyətimiz də haqlıdır. Bu xəritələr çox dəqiq olmaya bilər, ən azından böyük hissəsinin dəqiq olacağı şəksizdir. Xəritələr əsasında minaların təmizlənməsinə başlandığında bütün detallar ortaya çıxacaq.

İnanırıq ki, digər rayonların da mina xəritələri tezliklə əldə olunacaq. Müqabilində ermənilər də nələrsə tələb edəcək. Bu məsələlər danışıqlar yolu ilə həll olunmalıdır, zaman itirmək doğru deyil. Erməni hiyləgərliyi heç vaxt sərhəd tanımayıb, ehtiyatı əldən vermək olmaz. Lakin hiyləgərlik də bir yerə qədərdir.

Loading...